Həkim onun həyatı üçün təhlükənin artıq arxada qaldığını, müğənnin narkozun təsirindən ayıldığını deyib. Ə. Dadaşovun sözlərinə görə, F. Ağayevin üzərində aparılan əməliyyat bir saata yaxın davam edib. Həkim qeyd edib ki, onun qara ciyərində və yoğun bağırsağında səthi zədələr var. F. Ağayev bir neçə gün reanimasiyada qalacaq.
Həkim onu da qeyd edib ki, F. Ağayev bu gün səhər saat 6.05 radələrində özü maşını idarə edərək xəstəxanaya gəlib. Həkimin sözlərinə görə, yaraları təzə olduğuna görə, F. Ağayev bunu hiss etməyib.
Ə. Dadaşov F. Ağayevin mühafizəçilərinin də əməliyyat olunduqlarını və vəziyyətlərinin stabil olduğunu deyib.
Qeyd edək ki, Azərbaycanın xalq artisti Faiq Ağayev ötən gecə, Bakıda keçmiş "Kubinka” adlanan ərazidə bıçaqlanıb. Xalq artistinin mühafizəçiləri Ramin Bayramov və Azər Musayevlə birgə naməlum şəxslər tərəfindən bıçaqlandıqları bildirilib.
Yaralılar Klinik Tibbi Mərkəzə yerləşdiriliblər. F. Ağayevə 6 bıçaq vurulub. O, kürək nahiyəsindən 4, budundan 1, qarın nahiyəsindən də 1 xəsarət alıb.
Hadisənin kimin tərəfindən hansı məqsədli törədildiyi hələlik məlum deyil.
Faktla bağlı Bakı şəhər Baş Polis İdarəsi məlumatlandırılıb. Hadisəni törədən şəxslərin tutulması istiqamətində polis tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.